Şəfa VƏLİYEVA
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
İndiyədək tanıdıqlarımın əksəriyyəti şeirlərdə gül ətri axtarıblar, yaz havası axtarıblar, kədər nəmişliyi axtarıblar. Mən də onlara qoşulmuşam; özü də, tələsə-tələsə, duyğular içində yıxıla-dura… Çox sonralar anlamışam şeirdə elə şeir ətri axtarmaq lazım olduğunu. Onda da qayıdıb batmışam əfsanələrin, rəvayətlərin dərinliyinə, üzüyuxarı qaçmışam mifologiyanın yamacı boyunca. Zirvədə məni saf, əhlilləşdirilməmiş yaratmaq eşqi gözləyirdi.
Bu məqamda etdiyim şükür, bəlkə də, daxilindəki saflıqda Xeyirlə Şərin eyni boyda olduğunu bilənlər üçün anlaşılan olacaq. Bəlkə də, heç anlayanım olmayacaq…
Azərbaycanım! Yaradanın sevdiyi məkandır… Yoxsa bütün xalqların mifologiyasında “Tanrıların məskəni” olduğuna dair işarətlər tapmazdıq. Azərbaycanım! Yaradanın öz yaratmaq eşqindən səxavətlə ovuclayıb səpdiyi məkandır… Yoxsa çobanları naxırı örüşə aparanda holavar oxumazdılar, nənələr qoyun sağmağa gedəndə sayaçı sözləri deməzdilər...Yoxsa bu xalqın ruhunda bu qədər dərin şeiriyyət olmazdı.
İnsanın daxilindəkinin ruhunda əks olunmasıdır şeir. Hə, Şər də şeirlərdə güzgülənir. Sevgi şeirlərinin Şəri ayrılıqdır…Cənab ayrılıq…Xanım ayrılıq…Ulu ayrılıq…Tanrının yazdığı ayrılıq…Tanrıtanımaz ayrılıq…
Şeirlərimdə ayrılıqla davam çox olub. Axırda barışmışam…Ayrı əlac vardı ki?! Şəri qəbullanaraq yaşamağa məhkumuq. Şair Kənan Aydınoğlu şeirlərinin birində deyir: “Döymə qapımızı bizim, ayrılıq!” Əgər misranın sonundakı nida işarəsi olmasaydı, bunu şairin ayrılığa yalvarışı kimi anlayardıq. Və də, bir aşiqin ayrılığa yalvarmasını acizlik sanardıq. Ən yaxşı mənada, nəciblik. Nida işarəsi isə onu göstərir ki, Kənan qardaşım ayrılığa ərk edir. İnsanın Şərə etdiyi ərkdədir bəzən “hərənin öz doğrusu”.
Öz doğrumuzu itirdiyimiz yer də daxilimizdir. Biz o doğrunu bizim olan Xeyirlə Şərin müharibə meydanında itiririk. İtiyi bildiyi doğrular olan insanın özünü Gehenna düzündə hiss etməsi mütləqdir… Hamımız yanırıq içimizdəki Gehenna düzündə zaman-zaman lazımsız, gərəksiz bir nəsnə kimi. “Həyat dolu adam” obrazı yaradırıq özümüzdən. Bu obrazı təqdim etmək asandır, amma yaratmağın çətinliyini, əzabını bir bizi Yaradan bilir, bir də biz. Bu lazımsızlıq hissindən qurtulduğumuz anın sevincini yaşadığımız an ən səmimi olduğumuz andır. Bu da Kənan Aydınoğlunun ölçüsüz səmimiyyətlə dolu misraları:
Cəhənnəm odundan qurtulmuşam mən,
Mənimtək sevinib, şad olan varmı?!
İntihar edənlərin əksəriyyətinin ömrünə bu sevincin gəlməsi gecikir. “İntihar acizlikdir”, “intihar son çarədir”, “intihar seçimdir” kimi təriflər öz yerində, amma mənimçün “intihar tələsməkdir”. Ağ günün qara günlərin sonunda gələcəyini bilə-bilə gözləməyi seçmək yerinə, tələskənliklərinin qurbanı olur intihar edənlər.
“Mən sevincə gecikdim” demək absurddur. Heç bir insan qarşısında “sevinc” və “kədər” adlı iki qapı olanda kədəri seçməz. Çox sonralar kədəri seçməyinin adına “fədakarlıq” desə belə, inanmayın. Yeganə şansı kədəri seçmək olub. Çünki sevinc qapısının açarı ona çatmaqda gecikib… Hə, gecikən biz deyilik, bizə gələnlərdir. Biz tələsməyi bilirik ancaq, tələsmədiyimiz anların adını “gecikmək” qoyuruq.
Bizə gecikənlərin cəmidir dünya. İnsana çatmağa gecikdiyi hər an üçün nə vaxtsa dünya peşman olacaq. Təsəlli deyil, arzudur dediyim. Kənan qardaşım da bunu arzulayıb nə vaxtsa: “Vədə gəlib, gec olanda, Döyəcək başına dünya”. Kaş…
…Kaş, bizə gecikən hər şey üçün dünya başına döyəydi elə!
…Ocaq qurmaq üçün 3 daş seçilər. Seçdik, adlarına “arzu”, “ümid”, “sevgi” dedik. Sonra ocağa baş-başa iki kösöv qoyduq “Xeyir” və “Şər” adlı. Başladıq zamandan gün oğurlamağa-kösövlərə ömür üfürməyə…
…Qaladığımız ocaqda özümüz yandıq, dünyanı şeir ətri başına götürdü. Min şükür!
Şəfa Vəli (2024, Şəki)