Kənan AYDINOĞLU."Mənəvi zənginliyi ilə seçilən söz dünyası"

Yazdı ATILLA, 2-12-2022, 09:00, в Publisistika


Azərbaycanın el şairəsi, istedadlı qələm yoldaşım Sona İNTİZARIN zəngin bədii yaradıcılıq fəaliyyəti haqqında bir neçə söz

   Mövzu-ideya, forma-məzmununun bənzərsizliyi ilə bu gün də istər oxucuları, istərsə ədəbiyyatşünas alimləri, istərsə də ədəbi tənqidçilərin diqqətini cəlb edən çağdaş Azərbaycan ədəbiyyatı tarix boyu Məhsəti GƏNCƏVİ (XII əsr), “Xan qızı” ləqəbi ilə tanınan Xurşidbanu NATƏVAN, Aşıq ədəbiyyatı tarixində isə ilk qadın kimi qəbul edilən Aşıq PƏRİ, o cümlədən Kəlbəcər ədəbi mühitinin ictimaiyyətə təqdim etdiyi Aşıq BƏSTİ (1836-1936), Azərbaycanın el şairəsi Güllər MƏMMƏDQIZI kimi obrazlı təfəkkürə, zəngin təxəyyülə, mənəvi-əxlaqi dəyərlərə sadiq qalan xanım şairlərə  bəxş etmişdir. Adıçəkilən söz sənətkarlarının hər birinin özünəməxsus söz dünyası, dəsti-xətti var.

   Ən yeni dövr Azərbaycan ədəbiyyatının ikinci mərhələsində yaşayıb, yaradan, zəngin bədii yaradıcılıq fəaliyyətini bu gün də uğurla davam etdirən istedadlı qələm sahiblərindən biri də, heç şübhəsiz ki, Sona İNTİZARDIR. Nəzərə alsaq ki, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi kimi bu gün də dövri mətbuat səhifələrində şeirləri ilə müntəzəm olaraq çıxış edən, qısa zaman kəsiyində geniş oxucu auditoryasının rəğbətini qazanmağa müəssər olan Sona xanım İNTİZAR öz qələminin gücünə inanaraq bir-birindən daha gözəl, daha təsirli şeirləri ilə biz oxucuların, ədəbiyyatsevərlərin qəlbində əbədi olaraq taxt qurmağı bacardı. Özü kimi bədii yaradıcılıq nümunələri də sadə, sadə olduğu qədər də səmimidir.

Hansı mövzuda yazmasından asılı olmayaraq, istənilən halda yalandan, uydurmaçılıqdan tamamilə uzaq olmağı qarşısında məqsəd qoyur desək, heç də yanılmarıq. Poeziya örnəkləri özünün axıcılığı, rəvanlığı ilə seçilir. Heç bir çərçivəyə sığımayan, şablon ifadalələrdən qaçan,  öncəki müəlliflərin fikirlərini təkrar etməyən, daha çox arzu, fikirlərini oxucularına bədii təsvir və ifadə vasitələrindən yerli-yerində istifadə etməklə çatdırmağa müəssər olur.

   Müasir Azərbaycan ədəbi dilinin qayda-qanunlarına dərindən bələd olmasının nəticəsidir ki, diləklərini oxucuları ilə bölüşəndə belə, təkrarçılığa yol vermədən, səlis formada öz şair təxəyyülünə sadiq qalaraq bölüşür, gələcək ilı bağlı fikirlərini də söyləməyi unutmur.

   Seçdiyi mövzuya uyğun olaraq şeirin ilk bəndindən sonuna qədər misradaxili bölgü, qafiyə, vəznə xüsusi diqqət ayırır, sarıldığı müqəddəs qələmin gücü ilə əsrarəngiz sənət nümunələri ərsəyə gətirir.

  Özü kimi şeirlərindən də gələcəyə inam, gözəlliyə aşiqlik, sadəlik, səmimiyyətin ən gözəl mənəvi dəyər kimi vurğulanması  müəllifi üzvü olduğu cəmiyyətdə yaşıdlarından da köklü şəkildə fərqləndirir.

 Xalqına, millətinə sonsuz məhəbbət, bəslədiyi dərin hörmət və ehtiramın nəticəsidir ki, illərdir qəlbinin dərinliyində cücərən, boy atan şeirlərini bu gün də dilə gətirir, ən səmimi hisslərin carçısı kimi ədəbi camedə özünə yer tutur.

   Gənc xanım yazar Sona İNTİZARIN zəngin bədii yaradıcılıq fəaliyyəti müəllifin geniş dünyagörüşünə, böyük həyat təcrübəsinə, daha çox müşahidə edib, düzgün nəticə çıxarmaq qabiliyyətinə sahib olmasından irəli gəlir. Ən gözəl sənət əsərləri kimi dəyərləndirilməli olan poeziya örnəkləri, heç şübhəsiz ki, müəllifin mənəvi zənginliyindən xəbər veən növbəti ədəbi faktordur.

  Mövzularının fərqliliyi, yanaşmaq tərzinin bənzərsizliyi, ən kiçik detala belə son dərəcə həssas münasibəti Sona xanım İNTİZARIN gələcəkdə ədəbiyyat üfüqlərində ulduz kimi parlayacağına, imzalar içində oxunacağına, uğurlu ədəbi fəaliyyətinə görə dövlətimiz tərəfindən yüksək dəyərləndiriləcəyinə, qiymətləndiriləcəyinə böyük inam hissi yaradır.

   Azərbaycan şifahi xalq ədəbiyyatının, klassik ədəbiyyatın, o cümlədən də aşıq ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən bəhrələnməyinə ehtiyac qalırmı? sualı verilsə, böyük inam hissi ilə deyə bilərik ki, Sona xanım İNTİZARIn ənənədən bəhrələnməyə ehtiyacı yoxdur. Çünki gənc xanım yazarı Anası bətnində ikən şairə olaraq dünyaya gətirib. Bu dünyanın gözəlliyini görməyə, vəsf etməyə, ecazkar gözəllikdən ilham almağa.

    Müqəddəs qələmə sarıldığı ilk gündən bəri bir-birinin ardınca bənzərsiz sənət nümunələrini əsrsəyə gətirən gənc xanım yazar, “AZƏRBAYCANIN EL ŞAİRƏSİ” kimi dəyərləndirdiyim Sona xanım İNTİZARın yaradıcılığında sevgi, məhəbbət-ən ülvi hisslər kimi təqdim olunur. “Sən hardan biləsən nədir məhəbbət”, “Əksin gözlərimin önündə durub”, “Məndən qaçdığını anladım bu gün”, “Sənə aid şeirim” deyilən fikirlərə ən gözəl, ən bariz nümunə ola bilər.

   Müəllifin sevgi mövzusunda yazdığı şeirləri içərisində diqqətimi daha çox cəlb edən məhz “Sən hardan biləsən nədir məhəbbət” şeiri oldu. Adıçəkilən bədii yaradıcılıq nümunəsini oxuyanda anlayırsan ki, müəllif sevginin, məhəbbətin nə olduğunu özünəməxsus tərzdə izah edir:

Sən hardan biləsən nədir məhəbbət,
Əllərin uzalı qaldımı , söylə?!

   Bütün bəndlərdə öz sevdiyi insana xitabən yazılan misralarda müəllif öz fikirlərini daha çox bədii sual formasında ünvanlayır, sonra isə öz nəsihətini dilə gətirir, həyatın gərdişindən ibrət almağa səsləyir:

Sən hardan biləsən nədir məhəbbət,
Əllərin uzalı qaldımı , söylə?

Və ya

Sən hardan biləsən nədir məhəbbət
Evdə hazırın yox, pay da gəlməyib.

Aşiqin həyatını dilə gətirməklə xoşbəxt ola-ola qurulmalı olan toy-büsatın təxirə saldığını təsirli misralarla belə bölüşür:

Xoşbəxtlik toy qurub səninçün, amma,
Təxirə salmısan sən onu yenə.

  Şeirlərinin hər birində can yanğısı, ağrı, əzab, həyatın özü ilə bağlı fikirlərin olduğu kimi oxucu diqqətinə çatdırılması Sona xanım İNTİZARIN peşəkarlığının əyani sübutudur. Yaşanılan bu həyatın özü haqqında isə müəllifin həyat təcrübəsi dil açan körpə təki qulaqlara pıçıldayır:

Həyat da, sevgi də-bir fəlsəfədir.
Sona İNTİZAR, yazdığım şeir.

    Nəzər alsaq ki, orta məktəbdə birgə təhsil almışıq, həm də ilk qələm təcrübələrini də oxumuşam. Ələlxüsus da doğum günümüz ilə ilgili qələmə aldığı şeirləri. Böyük inam və fərəh hissi ilə deyə bilərəm ki, Sona xanım İNTİZARIN “DOST MƏKTUBU”, “KƏNAN AYDINOĞLUNA” adlı şeirləri, heç şübhəsiz ki, müəllifin şair dostlar, qələm yoldaşları haqqında bu günə qədər yazılan ən gözəl, ən dəyərli sənət nümunələrindən biridir. Şəxsən mənim üçün sözügedən şeirlərdə öz əksini tapan fikirlər əbədi olaraq yeni bir istedadın-Sona İNTİZARIN kəşf olunduğunu göstərən ədəbi faktdır. Bu mənada, dəyərli qələm yoldaşım, sənətinə, sözünə böyük heyranlığımı gizlədə bilmədiyim, şeirlərini sevə-sevə oxuduğum, intizarla gözlədiyim AZƏRBAYCAN ƏDƏBİYYATININ ən gözəl xanım yazarlardan biri  kimi əbədi olaraq sənət aləmində, söz dünyasında yaşayacaq!!!

 

Dərin hörmət və ehtiramla,

 

Kənan AYDINOĞLU,  

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü. 

Bakı şəhəri. 2 dekabr 2022-ci il.

Sərh yazmaq