Kənan AYDINOĞLU.”Zeynəb Dərbəndli yaradıcılığının spesifik xüsusiyyətləri”

Yazdı ATILLA, 22-12-2015, 09:00, в Publisistika

Kənan AYDINOĞLU.”Zeynəb Dərbəndli yaradıcılığının spesifik xüsusiyyətləri”


Ta qədim zamanlardan bu yana Azərbaycan xalqı dünyanın müxtəlif ölkələri ilə mədəni və ədəbi əlaqədar saxlamış, ticarət əlaqələrini daha da genişləndirilməsi üçün yorulmaq bilmədən çalışmışdı.Nəticədə Azərbaycan dilinin lüğət tərkibinə müxtəlif elm sahələrinə məxsus alınma sözlər, xüsusilə də ərəb-fars mənşəli alınma sözlər daxil olmuşdur.Təbii ki, Cənubi Qafqaz xalqları arasında münasibətlərin daha da genişləndirilməsi və inkişaf etdirilməsi yönündə Azərbaycan xalqı daha çox üstünlüyü ələ keçirməyə müəssər olmuşdu.Hələ Sovet hakimiyyəti illərindən Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasına çalışan və bu şərəfli missiyasını layiqincə yerinə yetirmək üçün əlindən gələn hər cür köməyini əsirgəməyən Azərbaycan xalqı zaman-zaman yetirdiyi söz sənətkarları ilə Cənubi Qafqaz xalqlarının ədəbiyyatına müsbət təsir göstərə bilmişdi.Bu proses çağdaş dönəmdə də uğurla davam etdirilir.Son zamanlar Cənubi Qafqaz xalqlarının yeritdiyi istedadlı qələm sahibləri içərisində özünəməxsus yer tutan söz sənətkarlarından biri məhz çağdaş Azərbaycan ədəbi mühitində Nəğməkar-şairə kimi tanınan Zeynəb xanım Dərbəndlidir.
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Cəsarətli qələm” media mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz xalqları üzrə xüsusi müxbir”i, nəğməkar-şairə Zeynəb xanım Dərbəndli keçən əsrin 70-ci illərində Dağıstan Respublikasının kəndində sadə kəndli ailəsində anadan olub.Orta təhsilini böyüyüb, boya başa çatdığı doğma Rükel kəndində alıb.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərən Zeynəb xanım Dərbəndli Azərbaycan türkcəsində mövzu-ideya, sənətkarlıq baxımından biri digərindən daha çox maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaq və dünyada baş verən hadisələrə münasibətini bildirmək yönündə mükəmməl ədəbi-bədii nümunələr, poeziya örnəkləri ərsəyə gətirməyə müəssər olmuşdu.Azərbaycan şifahi xalq ədəbiyyatının müxtəlif janrlarının səciyyəvi xüsusiyyətləri ilə yaxından tanış olması və daha çox xalq ruhuna meyl etməsi bu yönümdə Aşıq sənətinin ən geniş yayılmış janrları olan Qoşma və Gəraylı yazmağına səbəb olub.Yaradıcılığı üçün səciyyəvi olan xüsusiyyətlərdən biri də budur ki, məhz daha çox ictimai-siyasi, əxlaqi-tərbiyəvi mövzuda qələmə aldığı əsərləri ilə geniş oxucu auditoriyasına müraciət edərək, dünyanın ən möhtəşəm dini olan İslam dininə və Sonuncu Peyğəmbərimiz Həzrət Məhəmməd Mustafa (səlləllahu əleyhi və alihi və səlləm) əxlaqına uyğun davranmağı tövsiyə edir.Çün həm Cənubi Qafqaz xalqları, həm də Azərbaycan xalqı zaman-zaman humanist ideyalarının daşıyıcısı və sülhün bərqərar olmasına böyük əhəmiyyət verən İslam dininin təsiri altındadır.Bu da öz növbəsində ictimaiyyət nümayəndələri tərəfindən normal qəbul olunmalıdır.
Dövri mətbuatda öz yazıları ilə çıxış edən nəğməkar-şairə Zeynəb xanım Dərbəndlinin qısa zaman kəsiyində uğur əldə etməsinin səbəbləri müxtəlifdir.
Əsas səbəblərindən biri də budur ki, Zeynəb xanım Dərbəndli yorulmaq bilmədən yaradıcılıq fəaliyyəti məşğul olur.Çağdaş Azərbaycan ədəbi elektron məkanında fəaliyyət göstərən müxtəlif mədəniyyət və ədəbiyyat portalları ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirməsi, respublika ərazisində həyata keçirilən müxtəlif layihələr çərçivəsində işıq üzü görən antologiya və almanaxlarda yazılarının dərc olunmasıdır.Son illərdə isə könül döyüntüləri və pıçıltıları iki qardaş ölkənin-Qardaş Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən mətbu orqanlarda dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.Geniş oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanıb və uğurlarının daha da artmasına səbəb olub.
Zeynəb xanım Dərbəndlinin yaradıcılığında yer alan ədəbi-bədii nümunələr mövzu dairəsinə görə genişdir.Xüsusilə də, XX əsrin 90-cı illərində Erməni qəsbkarları tərəfindən işğal olunmuş əzəli Azərbaycan torpaqlarının işğal altında olması, bu torpaqların azad edilməsi haqqında müxtəlif fikirlər yürüdür, tezliklə bu torpaqlara qayıtmağı Uca Allahdan diləyir.Bəzi şeirləri isə dua kimi səslənir.
Xüsusilə də, Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərdən danışır, qələbənin tezliklə Bizim olacağımızı böyük inam hissi ilə qeyd edir.Qarabağ mövzusunda beynəlxalq konfransların və seminarların keçirilməsinə baxmayaraq, hələ də bu məsələnin həll olunmadığını dərin təəssüf hissi ilə nəzərə çatdırır.Azərbaycanın əzəli və əbədi torpağı Dağlıq Qarabağın tərkib hissəsi olan Şuşa və Laçın rayonları haqqında öz müdrik və fəlsəfi fikirlərini geniş oxucu auditoriyasının nəzərinə çatdırır.
Azərbaycanın dövlət müstəqilliyinin bərpası üçün canından, qanından keçmiş Vətənpərvər oğulların ruhuna dualar oxuyur, salavatlar çevirir, oğullarının itkisinə dözməyən və ah-nalə çəkən Analara müraciət edərək, Uca Allahdan səbr və dözüm diləyir!
Vətənin hər bir qarış torpağı üçün cəbhədə və səngərdə erməni silahlı qüvvələrinin bölmələri ilə döyüşməyin önəmindən ürəkdolusu danışır, tarixən Babək, Koroğlu, Cavanşir kimi xalq qəhrəmanları böyüdən bir xalqın hələ yağıdan intiqam almaq eşqi ilə yaşadığını və bu müqəddəs amala çatmaq üçün çox çalışdığını vurğulayır.
Son zamanlar Azərbaycan Respublikası ilə Dağıstan Respublikası arasında ikitərəfli mədəni və ədəbi əlaqələrin inkişaf etdirilməsinə öz töhfəsini vermiş, nəticədə AJB Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi tərəfindən qəbul edilmiş qərara əsasən, Zeynəb xanım Dərbəndli Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz xalqları üzrə xüsusi müxbir”i seçilib.Müxtəlif illərdə şeirlər kitabı çapdan çıxıb.Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub.Ginnesin rekordlar kitabına düşən antologiyada şeirləri yer alıb.
Geniş yaradıcılıq yolu keçən Zeynəb xanım Dərbəndlinin yazılarının dili sadə xalq danışıq dilinə daha yaxındır.Qəliz ərəb-fars mənşəli izafət tərkiblərə rast gəlinmir.Xalq ruhuna bağlılıq və ilhamını doğma yurdundan, elindən, obasından alması yaradıcılıq fəaliyyətinin təkmilləşdirilməsi və genişləndirilməsi üçün müsbət zəmin rolunu oynayır.
Dərd, qəm çəkməsi ilə XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Xan qızı” ləqəbi ilə klassik üslubda şeirlər yazan Xurşidbanu Natəvanı xatırladır.
Mövzu ətrafında müzakirələr aparması ilə diqqət çəkir.Müasir Azərbaycan ədəbi dilinin lüğət tərkibinin formalaşdırılması və inkişafı yönündə özünəməxsus yer tutan ümumişlək sözlərdən daha çox istifadə edir.Bu mühüm xüsusiyyət də öz növbəsində əsərlərinin dilinin sadələşdirilməsini təmin edir və geniş oxucu auditoriyası tərəfindən asanlıqla başa düşülməsinə səbəb olur.
Yaradıcılıq nümunələrini həsr olunduğu mövzulara görə şərti olaraq, üç qrupa bölmək olar:

1.İctimai-siyasi, əxlaqi-fəlsəfi fikirlər yürüdən nümunələr;
2.Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan fikir mübadiləsinə həsr olunmuş nümunələr;
3.Saf məhəbbətin tərənümünə həsr olunmuş nümunələr.

Yaradıcılığı boyu davam edən nigarançılıq, övlad taleyinə biganə qalmamaq repressiya illərində olduğu kimi qırmızı xətt kimi keçir.Eminsipasiya (qadın azadlığı) mövzusu isə demək olar ki, yox səviyyəsindədir.Xalqın adət-ənənəsinə, milli və mənəvi dəyərlərə bağlılıq əsərlərinin əsas leytmotivini təşkil edir.Türkçülük ruhunda qələmə aldığı ədəbi-bədii nümunələrinin hüquqi baxımından təsdiq edilməsi və gələcək nəsillərə çatdırılması və ötürülməsi üçün ilk təəssüratlar formalaşır.
Uzunmüddətli yaradıcılıq axtarışının nəticəsidir ki, dil-üslub baxımından mükəmməl sayılmağa layiq olan əsərlərinin hər biri geniş oxucu auditoriyası tərəfindən həm rəğbət hissi ilə qarşılanır, həm də poeziya həvəskarlarının, ədəbiyyatsevərlərin yaddaşına həkk olunur.Geniş və keşməkeşli həyat və yaradıcılıq yolu keçən Zeynəb xanım Dərbəndliyə yeni yaradıcılıq uğurları və fəaliyyəti diləməyi, oxucu auditoriyasının bir az da genişlənməsi Mərhəmət və Rəhmi ilə geniş olan Uca Allahdan diləməyi özümə vətəndaşlıq borcu bilirəm.
UĞURLARINIZ BOL OLSUN, Zeynəb xanım! ALLAH yar və yardımcınız olsun! İnşAllah!

Dərin hörmət və ehtiramla,

Kənan AYDINOĞLU,
Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Bakı şəhəri.21 dekabr 2015-ci il

Sərh yazmaq