Kənan AYDINOĞLU.Şair dostum İlham MİKAYIL haqqında bir neçə söz
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
İlham Mikayıl-şeirlərini sevə-sevə oxuyub dövri mətbuatda qəzet və jurnal səhifələrində böyük məmnuniyyətlə çap etdirmək istədiyim gənc qələm yoldaşım və şair dostum.
Şair ürəyinin çırpıntıları təkcə şeirlərində deyil, eyni zamanda adi danışığında da duyulur. Axı o bu mənada şairdi. İstər poeziyada, istərsə də adi danışığında belə.
Kəlbəcər ədəbi mühitinin XXI əsr Çağdaş Azərbaycan poeziyası üçün yetişdirdiyi ən gözəl şairlərindən birincisidir. Çünki müasir çağdaş dövrümüzdə Kəlbəcərin həsrətini, kədərini, qəmini qəlbinin dərinliyində saxlayıb şair təxəyyülü, obrazlılığı eyni anda birləşdirərək şair qələminin süzgəcindən keçirərək ərsəyə gətirir. Özü də istər xalq şeiri, istərsə də klassik üslubda qələmə aldığı ədəbi-bədii nümunələrdə. Məhz sadalanan yüksək əxlaqi keyfiyyətlər Dünya Ədəbiyyatı, o cümlədən Türk Ədəbiyyatı üçün bənzərsiz şəxsiyyətlər yetişdirən Azərbaycan Ədəbiyyatına bağlı olması əslində zaman-zaman Böyük Türk torpağının tarixin astanasında başına gələn dəhşətli tarixi-xroniki hadisələrinə obrazlı şəkildə münasibət bildirməsi normal hal kimi qəbul olunmalıdır.
Mənsub olduğu xalqın ədəbiyyatını, mədəniyyətini, adət-ənənəsini dərindən öyrənməyə çalışan müəllif xalqın dünənini, bu gününü, sabahını varaqlayıb orada yeni bir şeiri üçün detal axtaran, qəlbən narahat və həqiqi mənada böyük ədibdir.
Folklor ənənəsinə, şifahi xalq yaradıclığına söykənəndə isə şeirində obrazlılığın gücü və təsiri daha da artır. Təbiət etibarı ilə sakit və narahat olan gənc ədib xalq ruhunda yazdığı poeziya nümunələrinin sayını artırmaqdadır.
Dövri mətbuatda ara-sıra şeirləri ilə çıxış etməsinə baxmayaraq, oxucular arasında dərin və silinməz iz qoyur.
İctimai-siyasi mövzuda qələmə aldığı cəmi dörd bənddən ibarət olan “Qocalır” rədifli şeiri isə onun bu sahədə, həqiqətən də, gözəl poeziya örnəklərini yazmağa qadir olduğunu bir daha sübut edir. Şair qələmindən çıxan nümunələri özünün aktuallığını itirməyib.
Tələbəlik illərində qələm yoldaşı, şair dostu Nemət Tahirlə məktublaşma formasında yazdığı şeiri hələ də oxucuların diqqətindən yayınmır.
Bakı şəhəri. 10 iyun 2010-cu il. Sərh yazmaq