Kənan AYDINOĞLU."Astan QASIMOV-istedadını uzun müddət üzvü olduğu cəmiyyətdən gizlədən sənətkar-şair"
(Yaradıcılığı boyu öz həyat amalına və ideyalarına sadiq qalan
Astan Qasımovun əziz ruhuna hörmət və ehtiramla!)
Çağdaş Azərbaycan ədəbiyyatının, xüsusilə də poeziyasının ədəbi-bədii ideya istiqamətinin doğru müəyyən olunmasında müstəsna xidmətləri olan, ədəbi prosesdə öz dəsti-xətti ilə sayılıb, seçilən görkəmli söz sənətkarlarından biri də doğma Ağstafamızda böyüyüb, boya-başa çatan, istedadını uzun müddət üzvü olduğu cəmiyyətdən gizlədən Astan Qasımovdur.
Astan Qasımov Azərbaycan mədəniyyəti, ədəbiyyatı, incəsənəti üçün görkəmli söz sənətkarları, ustad şairlər, tanınmış yazıçılar, istedadlı aşıqlar yetirən qədim saz-söz sənətinin beşiyi hesab olunan doğma Ağstafamızda dünyaya göz açıb. Doğulduğu ilk gündən Haqqa qovuşan günə qədər çətin və keçməkeşli şair ömrü yaşayıb. Çətinliyə sinə gərə-gərə. Haqsızlıqlar görə-görə. Amma yaşadığı günlərdə çətinliyə rast gəlsə də, öz əqidəsindən dönməyib. Ömrü boyu öz saf, pak duyğularını nəzmə çəkib-varağa köçürüb.
Zəngin yaradıcılıq yolu keçmiş şairin yaradıcılğında ictimai-siyasi şeirlər xüsusilə diqqəti cəlb edir. Haqsızlığa, zülmə qarşı mübarizə ruhu özünü daha qabarıq şəkildə biruzə verir. Bu isə öz növbəsində, normal qəbul olunmalıdır. Çünki yaşadığı və üzvü olduğu cəmiyyətdə çətinliklər isə qarşılaşmasa, möhkəmlənə bilməz insan. Bu mənada, şair özünün əxlaq köntekstindən çıxış edərək, özünün dərin fəlsəfi mühakiməyə məxsus şeirlərini, daha dəqiq desək, könül döyüntülərini, vaxtında, zamanında keçirdiyi hər bir dəyərli anı varağa köçürüb, oxucuya çatdırmaq istəyir. Bu baxımdan, daha çox xalq şeiri üslubunda, xüsusilə də ədəbiyyat tariximizdə ictimai-siyasi şeirlərin ərsəyə gəlməsi yönümündə digər janrlara nisbətən daha çox işlənən Qoşma janrında yazılmış ədəbi-bədii nümunələr, poeziya örnəkləri oxucunu düşünməyə, götür-qoy etməyə, yaşanan hər anın qədrini bilməyə, boş və mənasız həyat yaşamamağa səsləyir. O cümlədən, ədəbiyyatşünaslıq tariximizdə “Məhəbbət şeirləri” kimi adlandırılan qoşmalar da şairin yaradıcılığından yan keçmir. Təbii ki, Azərbaycan ədəbiyyatının qədim dövründən ən yeni dövrünə qədər keçməkeşli, şərəfli yollar keçən ədəbiyyatımızın ən ümdə, ən vacib məsələlərindən biri, daha doğrusu, birincisi məhz sevgi, məhəbbətdir. Bu yönümdən, həsrət, ayrılıq, intizar kimi mötivlər şairin əsərlərinin leytmotivini təşkil edir, yaradıcılığından qırmızı xətt kimi keçir. Hələ yeniyetmə-gənc ikən könül duyğularını qələmə almağı bacaran istedadlı gənc şair dünyagörüşünün formalaşmasında həyat təcrübəsinin müstəsna yeri olduğunu anlayır. Beləliklə də, əsərlərinin ruhu, canı müəllifi-istedadlı şairimizi övladı olduğu Azərbaycan torpağına bağlayır. Bu kövrəklik, həzin duyğular, hər biri ayrı-ayrılıqda nəğmə kimi səslənən könül döyüntüləri Vətənə bağlı olduğunu hər addımbaşı özünü biruzə verir. Ümumbəşəri duyğulara daha çox söykənən müəllif özünün fəlsəfi yönümdən ərsəyə gətirdiyi dəyərli sənət əsərlərini zamanın süzgəcindən keçirtməklə oxucusunun görüşünə tələsdirir. Şübhəsiz ki, müəllifin ən azından buna mənəvi haqqı var. Axı şairi özündən sonra ən çox anlayan adətən əsərlərini sevə-sevə oxuyub, görüş anı üçün tələsən və müəllif ilə əsər arasında körpü rolunu oynayan oxucu daha yaxşı anlayır. Hətta, deyirlər ki, bəzən oxucunun özü müəllifdən daha yaxşı əsəri təhlil etməyi bacarır, başqa sözlə desək, əsərin müsbət və mənfi cəhətlərini müəyyələnləşdirə bilir. Əsərlərin hər birinin ruhuna, canına hopmuş sadəlik, səmiyyət, humanizm kimi ən gözəl xüsusiyyətlər məhz şairin oxucusu bir az da həyəcanlandırır, bir az da düşünməyə, həyatdan ibrət götürməyə səsləyir. Doğrudan da, sadaladığımız bu faktorların hər biri bizim üçün ən önəmli, ən gərəkli məsələlərdən biri kimi öz prioritetliyini itirmir. Əslində, heç itirməli də deyil.
Cəmiyyətdə baş verən ictimai-siyasi proseslərin hər biri yeni ideyaların yaranması və yaşanması üçün baza rolunu oynayır. Bu isə, əslində, müəllifin geniş dünyagörüşünə, zəngin yaradıcılıq təcrübəsinə, obrazlı təfəkkürə malik olmasını göstərən növbəti ədəbi faktor kimi diqqəti cəlb edir. Hansı mövzuda yazmasından asılı olmayaraq, müəllif-şair ilk öncə oxucusu ilə ən gözəl dildə-könül dilində danışır, dərdi-sərini oxucusu ilə bölüşməyə çalışır, hər dəfə yeni nə isə öyrəndiklərindən hər kəs ilə paylaşmaq istəyir. Çünki zaman-zaman, tarixi böyüklərimizin öyrəndiklərini yetişməkdə olan yeni nəslin nümayəndələrinə ötürməyə çalışıblar. Bu isə, gənc nəslin düzgün formalaşmasında mühüm rol oynayan ən ümdə və vacib məsələlərdən biri kimi hələ öz aktuallığını itirmir. Dərin köklərə və qədim tarixə malik həmin ideyalar-ictimai-siyasi proseslərin cərəyan etdiyi bir dövrdə gənc nəsil üçün önəmli məsələlərdən bəhs etmək, bununla da, əxlaqi kontekstdən çıxış edərək ən humanist ideyaları təbliğ etmək müəllifin növbəti uğuru kimi qəbul olunmalıdır.
Ümumiyyətlə, əsərlərinin hər biri müəllifi cəmiyyətdə, ədəbi prosesdə istedadlı şair kimi tanınmasına vəsilə olur. Xüsusən də, bəşəriyyəti tarix boyu narahat edən məsələlər ətrafında fəlsəfi mühakimələr aparmaq, fikir mübadiləsi yürütmək hər şairə xas olan xüsusiyyət deyil. Gerçəklik ilə ilgili olan hər şey, ələlxüsus da yaşamaq üçün pozitiv məqamlar insanı həyatı sevməyə, insanlığa sevgi və sayqı ilə yanaşmağa sövq edən bəşəriyyətə-insana məxsus ən gözəl spesifik xüsusiyyətləri bəxş edən Uca Yaradanın mərhəmətinin göstəriscisidir. Beləliklə, ən kövrək hisslər, duyğua və düşüncələr müəllifin əsərlərinin ana xəttini təşkil edir. Bütövlükdə, əsərlərinin-poeziya örnəklərinin hər birini ayrı-ayırılıqda təhlil olunmasına ehtiyac olmadığını nəzərə alaraq, böyük məmnunluq və fəxr hissi ilə qeyd edə bilərəm ki, hansı mövzuda yazırsa-yazsın, əsl gerçəklik, səmiyyət müəllifin əsərlərini bir an belə tərk etmir. Sonucda, özündən sonra oxucuları, peoziya həvəkarları, ədəbiyyatsevərlər üçün zəngin ədəbi irs qoyub getmiş Astan Qasımovun əziz ruhuna Uca Yaradandan rəhmət diləyirik. Müəllifin əsərlərinin təbliğinə, tədqiqinə-araşdırımasına ehtiyac olduğunu nəzərə alaraq, deyə bilərik ki, humanizmi, səmimiyyəti yaradıcılığı boyu böyük ustalıqla davam etdirən şairin əsərlərindən öyrəniləsi çox şey var. Ələlxüsus da, ictimai-siyasi yönümüdən ərsəyə gətirilən əsərlərdən.
Nəhayət, keçən ilin aprel ayının 17-də 75 illik yubileyini qeyd etdiyimiz ictimai-siyasi şeirlər müəllifi, körək duyğular şairi Astan Qasımovun əsərləri dünya durduqca yaşayacaq, yetişməkdə olan gənc nəslə çatdırılacaq.
Dərin hörmət və ehtiramla,
Kənan AYDINOĞLU,
Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Bakı şəhəri. 11 fevral 2018-ci il. Sərh yazmaq