“Dünyanın gözəl şeiri Yunus Əmrədən gəlib”

Yazdı ATILLA, 18-08-2017, 09:00, в Publisistika / Haqqinda deyilenler

http://s019.radikal.ru/i636/1602/d9/a18564c7fe38.png


“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı


“Dünyanın şair taleyi...” Bu, Taleh Mansurun essesidi. Həmin esseni oxuyandan sonra Taleh üçün bir dost məktubu da yazmışdım. O qədər təsirlənmişdim ki... Və nədənsə, məhz o esseni oxuyandan sonra bütün şairlərin yaradıcılığında lirik obrazlar arasında şair obrazını axtarıram. “Görüm, kim “ÖZ”ünü anlada bilir?“-deyə...
Elə buna görə Kənan Aydınoğlunun şeirləri içərisində də axtardığım obrazı tapacağım ümidi ilə yola çıxdım... Gördüm ki, Kənan Aydınoğlu şeirində hələ də kədərdən yaranan misraların gözəlliyini danışır. Bildiyimiz, izaha, sübuta ehtiyac duymadığımız bir poeziya qanunu daha var: “Ən gözəl şeirlər sevgiliyə yazılır”. Kənan da ən gözəl şeirlərini sevdasının ovuclarında sevdalısına göndərir:

Qəlbimi sevgiyə, şeiri sevgiyə,
Bu gün səsləməkdən yorulmadım heç.

Yaşamının anlamını izah etməkçün böyük mənada etirafa ehtiyac duymur Kənan Aydınoğlu. Onun üçün sevmək-yaşamaqdır... Sevmək-varoluşun özüdür... Sevmək-bütün məbədlərdən ucalan ən qutsal duaların əks-sədasıdır... Və sevgi üçün axan bir gilə göz yaşı haqqa tapınmanın ən qısa yoludur:

Nə bilim, bəlkə də sənin göz yaşın
Mənim hisslərimi haqqa aparar?!

“İllərin arxasında candakı ruhu gördüm”... Bu da gənc şairin misrasıdır. Uzun-uzun düşündüm bu misraya. Anlamağa çalışdım ki, Kənan bu misrada hansı mesajı çatdırmaq istəyir oxucularına. Duruxub qaldım, ta ki, növbəti misra məni illərin o tayına səsləyənədək: “Dünyanın gözəl şeiri Yunus Əmrədən gəlib”. Burda artıq anlamışdım illərin arxasında candakı ruhun narahatlığını... Bəlkə də, çox adam bilmir, Yunusun bir məqamı da Azərbaycanımızdadır. Qax rayonu, Oncallı kəndində... Yadıma 2014-cü ildə o məqama getdiyim, ordakı Oğuz qəbristanlığında ruh əhvalımın başqa bir dünyada yaşayırmış kimi vücudumu titrətməsi düşdü... Bir də Əskişəhərin daş döşənmiş yolları... Bir də Sarıköydəki məzar... Bütün bunları yenidən yaşamış kimi mən də ruhumdan süzdürdüm Kənanın misrasını: “Dünyanın gözəl şeiri Yunus Əmrədən gəlib”.

Bəlkə də dilindən çıxan bir kəlmə,
Şairin ən böyük əsəriymiş, eh...

Kənan Aydınoğlunun “şah əsər” hesab etdiyi də elə “ƏLAHƏZRƏT SÖZ”dür... Və Kənan “SÖZ”ün ucalığını bildiyini də təvazökarlıqla dilə gətirir. Bu gün çoxlarının guya adi hal kimi baxdığını şeirində elə səmimiyyətlə söyləyir ki, oxuduqda az qaldım arxivimdəki bütün çap olunduğum qəzetlərə şeir yazam... Kənan yazır ki:

Qəzetdə çıxanda bir-iki yazım,
Gülərdi üzümə bu həyat mənim...

Düzdü, Kənan bu əhvalı keçmiş zamana aid edir, lakin mən hələ də qəzetdə çıxan bir misrama, bir cümləmə, kiminsə müsahibədə çəkdiyi adıma görə həyata, taleyə, Tanrıya şükür edirəm.
Belə... Uğur olsun, Kənan Aydınoğlu! Gəl, sonuncu şükrü birgə edək: “SÖZü anladana şükür!”

Şəfa Vəli (Gəncə)

Sərh yazmaq