Kənan AYDINOĞLU.”Müqəddəs Məkkə torpağı”

Yazdı ATILLA, 1-08-2016, 09:00, в Edebiyyat

Kənan AYDINOĞLU.”Müqəddəs Məkkə torpağı”


Salehlərdən olmaq üçün,,
Sübh namaza durmalıyam.
Könül dünyama baş vurub,
Şeir mülkü qurmalıyam
Müqəddəs Məkkə torpağı.

Ömrüm boyu görmədiyim,
Gözəlliyi gördüm səndə.
Dildən “şükür” töküldükcə,
Sevinirəm, düzü, mən də.
Müqəddəs Məkkə torpağı.

Bu dünya dağılan zaman,
Bilirəm ki, qalasısan.
Nə yaxşı ki, kainatda,
“Şəhərlərin anası”san.
Müqəddəs Məkkə torpağı.

Canım burda yurd salsa da,
Döyünür səninlə qəlbim.
Unutmalı deyiləm ki,
Pakdı, müqəddəsdi Rəbbim.
Müqəddəs Məkkə torpağı.

Qul oldumsa yaradana,
Fərq eyləməz hansı yaşda.
O haqq günü gələn ikimi,
Titrəyəcək dağ da, daş da.
Müqəddəs Məkkə torpağı.

Şəriətə tabe olub,
İsrafil surun çalacaq.
Şaşqınlıq içində, inan,
Bütün dünya dağılacaq.
Müqəddəs Məkkə torpağı.

Üzü qara zalım tayfa,
Yer üzündən silinəcək.
Allahın iznilə o gün,
Mömin, kafir bilinəcək.
Müqəddəs Məkkə torpağı.

Cənnət qapısı önündə,
Mələklər dilə gələcək.
Kimsi zəlalətdə qalıb,
Kimsi sevinib, güləcək.
Müqəddəs Məkkə torpağı.

Haqqı danan zalım tayfa,
Atılacaq yanar oda.
Yana-yana əriyəndə,
Çatan olmayacaq dada.
Müqəddəs Məkkə torpağı.

30 oktyabr-1 noyabr 2009.
Sumqayıt-Lökbatan

Sərh yazmaq