Kənan AYDINOĞLU.”Nəyinə inanım mən bu dünyanın?!”

Yazdı ATILLA, 1-08-2016, 08:00, в Edebiyyat

Kənan AYDINOĞLU.”Nəyinə inanım mən bu dünyanın?!”


Hər ömrə bir yağı kəsilibdisə,
Nəyinə inanım mən bu dünyanın?!
İnsanlar zəmi tək biçilibdisə,
Nəyinə inanım mən bu dünyanın?!

Yenə də biçilmiş zəmi kimidi,
İnsanın kədəri, qəmi kimidi.
Bir səsin yüksələn bəmi kimidi,
Nəyinə inanım mən bu dünyanın?!

Dəhşət,qırğınların yolu bilinmir,
Sağı bilinirsə, solu bilinmir.
Dəclənin, Fəratın qolu bilinmir,
Nəyinə inanım mən bu dünyanın?!

Qəti fikirləri əsdirəcəksə,
Başımın üstünü kəsdirəcəksə,
Məni doğmalarla küsdürəcəksə,
Nəyinə inanım mən bu dünyanın?!

Göz yaşı içində boğulacamsa,
Kədərin içində yoğrulacamsa,
Qəm-qüssə içində doğulacamsa,
Nəyinə inanım mən bu dünyanın?!

Onsuz da vədləri hədərdi, hədər,
Əvvəli sevincdi, sonu da kədər.
Elə yaranışdan bu günə qədər,
Nəyinə inanım mən bu dünyanın?!

Şerimi eşidən dənim deyilsə,
Buludum deyilsə, çənim deyilsə,
Əzizim deyilsə, mənim deyilsə,
Nəyinə inanım mən bu dünyanın?!

Sərh yazmaq