Kənan AYDINOĞLU."Ən böyük oxucun mənəm, ay SONA!"
Azərbaycanın şairəsi, qələm dostum Sona İNTİZARa!
Şehli çəməndə də güllər dil açar,
Sevənlər bir kərə HAQQA yol açar,
Toyda, nişanda da dostlar qol açar,
Dağlara ələnən çənəm, ay SONA!
Kotan da çevrilib xışa dönməsin,
Bahar gözləsə də, qışa dönməsin,
Arzular qanadlı quşa dönməsin,
Sünbüldə cücərən dənəm, ay SONA!
Bəndəyəm, hər dəfə qələt eylədim,
ALLAHdan bir kərə hacət eylədim,
Mən dərddən yazmağa adət eylədim,
Dünyanın dərdinə tənəm, ay SONA!
Mənim düşüncəmdə qəbir, başdaşı,
Unutmaz dostları şair yaddaşı,
Qələm yanağından tökər göz yaşı,
Kim dedi, dünyada şənəm, ay SONA?!
Xoşbəxtəm, yaşadım söz-adlarla mən,
Gərək ki, uçaydım qanadlarla mən,
Oxusam, şerindən saatlarla mən,
Yorulmaz mənim də çənəm, ay SONA!
Ən xoş diləklərim-niyyətindədi,
Səmimi gülüşün-ülfətindədi,
Müqəddəs qələmim-hizmətindədi,
Şair içində bir dənəm, ay SONA!
Hər şeir-bir kitab, hər şeir-Özün,
Mənim yaddaşıma yazıldı sözün,
Sevginin dalınca boylanır gözün,
Ən böyük oxucun mənəm, ay SONA!
Bakı şəhəri. 5 dekabr 2022-ci il.
Sərh yazmaq