Kənan AYDINOĞLU."Məni danlayardın Sən uşaq kimi..."
Əfəndim Əliyeva Xanım Elşad qızına sevgi və sayqılarla!!!
İllərdi dəyişmir bu qoca dünya,
Fərqinə varanda lal oluram mən.
Kiminin dilində zəhərlə şərbət,
Kiminin dilində bal oluram mən.
Müqəddəs qələmə sarılan gündən,
Qapımı tanıdı qəm də, kədər də.
Könlümün həmdəmi-ALLAH ikən bil,
Oxşayır nəğməylə məni Xəzər də.
Dan yeri sökülər-sökülməz hər gün,
Şair ilhamım da istəyir şeir.
Varağa tökülən bircə misra da,
Ana Vətənimə “Təbiət!”-deyir.
Görünür, darıxmaq mənim ömrümə,
Əzəldən yazılmış bir kitab kimi.
Sual istəmişəm həyatım boyu,
Yazılsın bir kərə bir cavab kimi.
Bir gün yox olacaq məşhərdən öncə,
Nə varsa, bildiyin, Sənin gördüyün.
Ömür-gün-ən gözəl hədiyyə imiş,
Yaradan ALLAHdan bəndələr üçün.
HAQQI-Ədaləti tanıyıram mən,
Dünyaya boylanan bu gözüm varkən.
Nə qədər xoşbəxtəm, bu dünya qədər,
Mənim də oxunan bir sözüm varkən.
Özümü sanmadım bəxtəvər şair,
Ustad ŞƏHRİYARIN nəvəsiyəm mən.
Qonağı olsam da, kiçik dünyanın,
“Ən gözəl MüəllimSən”-Xanım, yenə Sən!
Hüsnü-camalını, öz dünyanı da,
Gətirməz üçtelli, sədəfli bir saz.
Unuda bilmərəm, çəkdin qayğımı,
Baş əysəm, önündə olar bu da az.
Ən çətin günümdə həyanım oldun,
Dəyişdin dünyamı gözümdə mənim.
Fəqət aramadım bircə kərə də,
Suçu, təqsirimi özümdə mənim.
Öncə düşünərdim, gözəllər üçün,
Yazılsa, ən gözəl şeir-qəzəlmiş.
Mənəvi zənginlik-bu imiş demək,
Nə yaxşı, Sən varSan, dünya gözəlmiş.
Zümrüd quşu təki uçmaq istədim,
Ruhunu gördükcə qolun, qanadın.
Nə qədər çətinmiş bir uşaq ilə,
Özündə böyümək sözsüz həyatın.
Mənim yaddaşımda əbədiSən Sən,
Günəş doğan kimi açılan səhər.
Anasız körpənin qayğısını da,
Bir kimsə çəkmədi heç Sənin qədər.
Neftçala torpağı, Sənintək gözəl,
Tanrının ən gözəl əsəriSən-Sən!
Mənim bircə misram söz tapa bilməz,
Müqəddəs bir sözün kəsəriSən-Sən!
HAQQIn var bugünkü həyatımda da,
Məni əzizləyən bu torpaq kimi.
Xoş günlər naminə öyrənim deyə,
Məni danlayardın Sən uşaq kimi...
Dərin hörmət və ehtiramla,
Kənan AYDINOĞLU,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Bakı şəhəri. 17 may 2022-ci il.
Sərh yazmaq