Kənan AYDINOĞLU."Sənin ürəyinə qurban olum mən"

Yazdı ATILLA, 14-12-2021, 09:00, в Edebiyyat


“Veysəloğlu” MMC-nin əməkdaşı, dəyərli qardaşım Elmin Quliyev üçün.

 

Taleyin hikməti yazılıb yenə,

Ömür-gün bitmədi, bitən deyilmiş.

Sənin əməlinlə gözəl ürəyin,

Əbədi qəlbimdə, itən deyilmiş.

 

Öyrəndim çox şeyi, doğrusu, Səndən,

Canımtək əzizSən, əziz qardaşım!

Gözündə mərhəmət, niyyətin gözəl,-

Əxlaqda, imanda təmiz qardaşım!

 

Yaxşı ki, hissini boğmaq anında,

Mən Səndən gözlədim ən xoş sözü də.

Yandıran Sən oldun canını mənə,

Buna şahid oldu HAQQIN özü də.

 

Nə qədər fikirli, nə qədər çaşğın,

Yolumda göründüm o axşam, heyif.

Qədimi zamandan üzü bəriyə,

Dostlarçün doğru söz atalar deyib.

 

Mənə görünməsin həyatı boyu,

Ömür-gün dünyada qaralı-ağlı.

Könlümün dünyaya boylanmağı var,

Pəncərəm açıqmış, qapısı bağlı.

 

Böyük əməlin var, lap özün kimi,

Taxt qurdun qəlbimdə əbədi Sən də.

Dostların hər biri-bir parçam mənim,

Yanaram oduna dostların mən də.

 

Məni sevən dosta, qardaşlara da,

Bu ömür yolunda dərman olum mən.

Nə qədər həyat var, dünya var demək,

Sənin ürəyinə qurban olum mən.

 

Dərin hörmət və ehtiramla,

Kənan AYDINOĞLU,

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü.

Bakı şəhəri. 14 dekabr 2021-ci il.


Sərh yazmaq