Kənan AYDINOĞLU."Ay ÜLKƏR, bağışla gəl günahını şairin!"
Mənim üçün çox dəyərli insan, Xanıməfəndi Əliyeva Ülkər Elçin qızına sevgi və sayqılarla!
Taleyi bəlli imiş yenə də xoş niyyətin,
Görmüşən acısını, ağrısını zillətin,
Müqəddəs qələm hər gün hizmətində millətin,
YARADAN Özü yazmış sabahını şairin!
KƏBƏ evi daş oldu, təvaf eyləyən bəndə,
Qadından, sevgidən də şeir yazmışam mən də,
Ağladım gözdolusu yolum düşəndə kəndə,
Mələklər də unutmaz ALLAHını şairin!
Töküləcək varağa bir-iki sətir bu gün,
Əziz tutulacaqmış bu eldə xətir bu gün,
Hər sözündə hikmət var, hikmətin gətir bu gün,
Sən də gördün qələmin-silahını şairin!
Doğru əməl yazılsın, xoş gün keçməsin hədər,
Yaşanan həyat gözəl, qoşaymış sevinc, kədər,
Duyacaq dünya özü məşhər gününə qədər,
Ərşə çatan naləsini, həm ahını şairin!
Yada düşər gözəldə işvə, qəmzə də, naz da,
Kövrələcək körpətək bahar da, qış da, yaz da,
Qəzəl oxunan günü dilə gələcək saz da,
Xanəndələr duymasın segahını şairin!
Ömür-Tanrı yazısı yazılan kitab oldu,
Qazandığım mənim də günahla savab oldu,
Dünya döndü tərsinə, sual da cavab oldu,
Döyən yoxdu həyatda dərgahını şairin!
Çaxmaz şimşəklər mənim boylanan bu gözümdə?!
Doyan varmı, görəsən, söhbətimdən, sözümdən?!
Bel tutanda bir kərə bixəbərəm özümdən,
Ay ÜLKƏR, bağışla gəl günahını şairin!
Kənan AYDINOĞLU,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Bakı şəhəri. 1 dekabr 2021-ci il.