Kənan AYDINOĞLU."Bir eşqin çırağı yananda, məncə"
Mənim üçün çox dəyərli insan, Xanıməfəndi Əliyeva Ülkər Elçin qızına!
Bu həyat dəyişər göz qırpımında,
Qadının ən isti sözü ilə də.
Baxmaz ki, mələk də qərib dünyaya,
Boylanan şairin gözü ilə də.
Hər kəsə Anadı qadın gülüşü,
Susacaq bu dünya həm kar, lal kimi.
İstədim bir kərə sevinc ilə də,
Ərisin həsrət də şirin bal kimi.
Səmimi söz ilə baxışın axı,
Heyranı olmuşam gəncliyimdən mən.
Doğmalar içində doğmadan doğma,
Yenə də dayaqsan bu dünyada Sən.
Sərhədi bilinməz geniş ürəyin,
Baharda solmayan gülSən, ÇiçəkSən!
Qanadın yox, amma sevgin böyükdü,
Sirli bir dünyadan enən MələkSən!
Hər doğru əməlin, hər xoş sözün də,
Bu gün dəyərini bilənim oldun!
Mən körpə uşaqtək qaçdım dünyadan,
Gözümün yaşını silənim oldun!
Xeyir-şər nağılı əfsanə ikən,
Kamillik yolunda sözün var Sənin!
Qəlbində sevgidi doğulan kəsə,
Ovsunlu, doğrusu, gözün var Sənin!
Əzəldən biz şair olan bəndələr,
Zərrəyə dönəndə yığışmaz dedim.
Bir-iki misranı yazan kimi mən,
Bu ömrüm kitaba sığışmaz dedim.
Xoşbəxt yaşamağa Haqqın var Sənin,
Sənin gözlərində gözəldi hər kəs.
Qəlbində doğulan hər yeni fikir,-
Mənim nəzərimdə yeni bir nəfəs.
Sənin gözlərində eşqin özünə,
Baxıb gözlərinə şahid olmuşam!
Nəfsin istəyindən qorunan günü,
Çəkilib özümə zahid olmuşam.
Bir eşqin çırağı yananda, məncə,
Söndürmək günahdı sönən şam kimi.
Sehirli nağıldı dəyişən dünya,
Tuşlansa, ölməzmi arzu kam kimi?!
Tarixin özü də verməz qiymətin,
Mənim nəzərimdə doğma baxışın.
Qadının gözündə boy atsa sevgi,
Ürəyə sığışmaz özü yağışın.
Mənim əllərimdən Sən tutan günü,
Dağlarda ələnən dümağ bir qarmı?!
Gülüş gəncləşdirər qadını, məncə,
Sənin gülüşünün əvəzi varmı?!
Əhdin-ilqarın da öz yerindəymiş,
Yanan çıraq olsun, daim gözündən.
Qadın səadəti diləyirəm mən,
Mənəvi dünyan da böyük özündən.
Nur özü dönməsə, zərrəyə bu gün,
Bu ömür uzunu yeriməz kölgə.
Sevgiymiş yaşadan Səni dünyada,-
Əsl səadət də bu imiş, bəlkə.
Kənan AYDINOĞLU,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Bakı şəhəri. 29 noyabr 2021-ci il.
“BAKU CUSTOMS WORKS” MMC.
Sərh yazmaq