Kənan AYDINOĞLU."Sənəd göndərdin ki, öyrənəm işi"
Dəyərli qardaşım Fuad Məmmədzadə üçün!
Sübh çağı doğanda günəş, İlahi,
Mənim ürəyimdə azalır təlaş.
Hissin, duyğunun da Hakimi olmaq,
Görünür, yazılıb ömrümə, qardaş!
Müqəddəs qələmdi həyatım boyu,
Məni qoruyan da, məni anan da.
Ən çətin günümdə dayaq olanlar,
Sevdim hər birini-dərdə yananda.
Körpədi, hər şeir, hər yeni sətir,
Beşik başında da ağlamağı var!
Şairlər sevəndə bulağa dönər,
Çeşməyə dönəndə çağlamağı var!
Döyməsə, qapımı ilham bu səhər,
Yazdığım bir sözün mənası olmaz!
Sevib, sevilməsə el-oba üçün,
Şairin sirli bir dünyası olmaz!
Yolum *ZƏLİMXANın yoludu, amma,
Bir-iki sənədə qol çəkmək olar.
Şairin qəlbindən ALLAHa doğru,
İstəsən, bir kərə yol çəkmək olar!
Bir az da çətindi mənə, doğrusu,
Dünyamdan ayrılıb qatara dönmək.
Ömür-gün yaşanır, taleyin özü,
Yazmasa, baxtı da sonuymuş-ölmək.
Mənim taleyimi dəyişir yenə,
Bu qərib dünyaya öyrəşmək, düzü.
Könlümdə əbədi olan hər kəslə,
Yaraşmaz mənə də sözləşmək, düzü.
Böyük qardaşımSan, dayaq oldun Sən,
Bu qoca dünyada el şairinə!
Boylanıb baxmaq da deyilmiş xəta,
Güc gələr, daş kimi tel şairinə!
Qəlbimdə nigsilim əriyir bu gün,
Hörmət, ehtiramın öz yerindədi.
Haqqında bir-iki kəlmə söyləsəm,
Onda bilərəm ki, söz yerindədi.
Səni sevənlərin ürəyi Səndə,
Dostu, qardaşı da seçəsən dedim!
Doğru əməllərin bilinməz sayı,
Cənnət qapısından keçəsən dedim!
Deyirlər, iradən güclü oldusa,
Bir kimsə qıcamaz sənə də dişi.
Danmaram Sənin də dəstəyini mən,
Sənəd göndərdin ki, öyrənəm işi.
Kənan AYDINOĞLU,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Bakı şəhəri. 29 noyabr 2021-ci il.
“BAKU CUSTOMS WORKS” MMC.
*Ustadım Xalq şairi Zəlimxan YAQUB (1950-2016) nəzərdə tutulur.
Sərh yazmaq