Kənan AYDINOĞLU."ƏZRAYIL qapını döydü bu səhər"
Həyat yaşadıqca bəndəni özü,
Əyilir YARADAN önündə hər gün.
Fəlsəfi baxışlar, dərin fikirlər,-
Dəyişir hər anı gözündə bütün.
Şər ilə döyüşdə xeyir irəli,
Keçməyə usanmır bir əsgər kimi.
Savaşa döndükcə ömür, gün axı,
Qazılar qəbir də bir səngər kimi.
Yaddaşa yazasan xatirə təki,
Qəlbindən əbədi süzülən sözü.
Çırpınır dağa da, daşa da hər kəs,-
Əcəl, vaxt gəlincə yumacaq gözü.
Dinlərin içində İslamı seçib,
Dillərin içində Türkcə konuşmak.
Taleyin hökmünü dəyişmək olmaz,
Alın yazısıymış-HAQQA qovuışmaq.
Şeytan daş atdıqca sapanddan bizə,
Dünya qıyacaqmı özünü asa?!
«Yasin» oxunduqca Məşhərə kimi,
Mələklər özü də gələcək yaşa!
Əgər açılmasa, bəsirət gözü,
Görməzsən HAQQI sən eynəyi taxsan.
Mənim nəzərimdə sirli bir aləm,
Qəbristan özüymüş əslinə baxsan.
Bu qəmli, qüssəli günlər bitmədi,
Görən, çəkilərmi gözümdən kədər?!
Ayrılıq dünyada-ən ağır əzab,
ƏZRAYIL qapını döydü bu səhər!