Kənan AYDINOĞLU."Hafizən, yaddaşın qılıncdan iti"
Dəyərli qardaşım Eltun ABİM MƏMMƏDOV üçün!
Bəlkə də, yolumdu mənim bu şeir,
Sözümü müqəddəs qələm oxusun!
Gözəllər nazlansa, güzgü önündə,
Məcnun naməsini Kərəm oxusun!
Yazı da, qışı da həyatın bu gün,
İliyə bağlıdı, kökə bağlıdı.
Bəndənin xeyiri-şad günü belə,
Bizi YARADANa-TƏKƏ bağlıdı.
Əyilmək-qocalmaq deyilmiş, bildim,
Sənin gözlərində od, atəş də var!
Ciddi yeriməyin bəlli dünyaya,
Qəlbində nurlu ay, bir günəş də var!
Dağlar var, başında duman, çiskin yox,
Süzülən göz yaşın cavanı-mənəm!
Qovmadım kədəri sevinc kimi mən,
Nisgilin, həsrətin ünvanı-mənəm!
Sığmaz bu dünyaya səmimiyyətin,
Əsrlər boyunca yaddaşım oldun!
Şükür ki, ALLAH, bu el içində,
Sən mənim əbədi qardaşım oldun!
Bilirsən, nə qədər xətrin əzizdi,
Mənimçün yaşanan bu həyat kimi.
Çəkmərəm geriyə zamanı axı,
Gücüm çatsa belə, bu saat kimi.
Hafizən, yaddaşın qılıncdan iti,
Mənim ürəyimdə CƏBRAYIL da var!
Cənnətdə görəcəm Səni bir kərə,
ALLAHa dost olan MİKAYIL da var!
Dərin hörmət və ehtiramla,
Kənan AYDINOĞLU,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Bakı şəhəri. 19 noyabr 2021-ci il.
“BAKU CUSTOMS WORKS” MMC.
Sərh yazmaq