Kənan AYDINOĞLU."Ən müqəddəs torpaqdayam"

Yazdı ATILLA, 14-06-2018, 10:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Ən müqəddəs torpaqdayam"


Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.


Qocaman gözəl dünyanın,
Nə gözü, nə də qaşıyam.
Bu qərib, fani dünyaya,
Gəldim qəm yükün daşıyam.
Zərrəyəm, yaşadıqca mən,
Ömrü boyu göz yaşıyam,
Unutmuram, çox ağladım,
Süzülmüşəm, yanaqdayam.

Bu dünyada bir zaman bax,
Günəşdim, ulduzdum, aydım.
Şerimi illər öncə mən,
Bu yurdda, obada yaydım.
Dünən, bu gün, bir də sabah,
Yaşanan anımı saydım.
Kədər kimi ürəklərdə,
Nəğmə kimi dodaqdayam.

Pəncərədən baxa-baxa,
Pərdəyə, tülə dönmüşəm.
Çiçəyəm, yaz fəslində də,
Çəməndə gülə dönmüşəm.
Füzulinin həsrətinə,
Yanmışam, külə dönmüşəm.
Atəş yandırmasın məni,
Məşəldəyəm, ocaqdayam.

Şeir mülkü səltənətim,
Dövlətdəyəm, vardayam mən.
Tanrı sınağa çəkibdi,
Dostlar bu gün dardayam mən.
Qış fəslində sazaq olar,
Şaxtadayam, qardayam mən.
Ruham, canam zərrə kimi,
Yaxındayam, uzaqdayam.

Xoşbəxtlərin xoşbəxtiyəm,
Bu torpaqda doğulmuşam.
Təndirdə çörəyə dönüb,
Kündə kimi yoğrulmuşam.
Bir zaman olmamışdım mən,
Dünən və bu gün olmuşam.
Azərbaycan adlanan bil,
Ən müqəddəs torpaqdayam.

Bakı şəhəri. 27 mart 2018-ci il.

Sərh yazmaq