Kənan AYDINOĞLU."Torpağım qədər əziz, ey haray çəkən dilim!"

Yazdı ATILLA, 9-11-2016, 08:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Torpağım qədər əziz, ey haray çəkən dilim!"

Səninlə qürurlanıb tarixi varaqladım,
Nəsimi, Xətayidən mən səni soraqladım.
Qəm, kədəri üst-üstə mən yığıb torpaqladım,
Torpağım qədər əziz, ey haray çəkən dilim!
Bayrağım qədər əziz, ey haray çəkən dilim!

Nəsiminin üsyanı, Vaqifin harayısan,
Füzulinin qəlblərdə düzülən sarayısan.
Dünyada hər bir türkün günəşisən, ayısan,
Torpağım qədər əziz, ey haray çəkən dilim!
Bayrağım qədər əziz, ey haray çəkən dilim!

Natəvanın qəzəli, Ələsgərin sazısan,
Vaqif gözəllərinin işvəsisən, nazısan.
Mənim şair qəlbimin baharısan, yazısan,
Torpağım qədər əziz, ey haray çəkən dilim!
Bayrağım qədər əziz, ey haray çəkən dilim!

Şəhriyar da cənubda “Heydər baba”nı yazdı,
Zakir doğma torpaqda “Badi-səba”nı yazdı.
Ələsgərin qoşmalarda eli, obanı yazdı,
Torpağım qədər əziz, ey haray çəkən dilim!
Bayrağım qədər əziz, ey haray çəkən dilim!

Şimaldan cənubadək yepyeni səfər oldun,
Tarixin sınağından çıxan al səhər oldun.
Türkün al bayrağında yenə də zəfər oldun,
Torpağım qədər əziz, ey haray çəkən dilim!
Bayrağım qədər əziz, ey haray çəkən dilim!

Babək, Cavanşir özü haqqında nələr dedi,
Xətayi də “qələbən yenə tez gələr”-dedi.
“Səni unutmağımız qəlbləri dələr!”-dedi,
Torpağım qədər əziz, ey haray çəkən dilim!
Bayrağım qədər əziz, ey haray çəkən dilim!

Şamdan Bağdada qədər Füzuli qəzəlisən,
Vaqifin siyah telli, işvəli gözəlisən.
Türkün yenə dilisən, dillərin gözəlisən,

Sərh yazmaq