Kamran MURQUZOV.”Xalq şairi Nəriman Həsənzadənin zəngin yaradıcılıq fəaliyyəti haqqında bir neçə söz”

Yazdı ATILLA, 18-02-2021, 01:00, в Publisistika

Kamran MURQUZOV.”Xalq şairi Nəriman Həsənzadənin zəngin yaradıcılıq fəaliyyəti haqqında bir neçə söz”


Xalq şairi Nəriman Həsənzadənin zəngin yaradıcılıq fəaliyyəti haqqında bir neçə söz

Azərbaycan ədəbiyyatının ikinci mərhələsində yaşayıb, bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan söz sənətkarlarımız ədəbiyyatımızın ədəbi-bədii, ideya-məzmun, forma-sənətkarlıq baxımından inkişafı üçün yorulmaq bilmədən çalışmış və əsərləri ilə ədəbiyyatımızın zənginləşməsində misilsiz xidmətlər göstərmişlər. Əksər hallarda isə zəngin yaradıcılıq yolu keçmiş və özlərindən sonra oxucular və ədəbiyyatsevərlər, poeziya həvəskarları üçün ədəbi irs qoyub getmişlər. Eyni zamanda, hər bir yazarın-söz sənətkarının özünəmxsus dəsti-xətti və imzası olmuşdur. Xüsusilə də, ədəbiyyatımıza yeni gələn gənc nəslin nümayəndələri olan və tükənmək bilməyən enerji ilə yazıb-yaradan qələm sahibləri keçən əsrin 50-ci illərindən etibarən, dövri mətbuatda yazıları ilə müntəzəm olaraq çıxış etmiş və ədəbi ictimaiyyətin diqqətini cəlb etməyə müəssər olmuşlar. Sovet hakimiyyəti dönəmində Azərbaycan Yazıçılar İttifaqına (indiki Azərbaycan Yazıçılar Birliyinə) üzv qəbul olunmuşlar. Hətta, bəzilərinin yaradıcılıq fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, dövlət mükafatlarına layiq də görülmüşlər, bəziləri isə Azərbaycan Yazıçılar İttifaqının İdarə heyətinə üzv də seçilmişlər, kitabları kütləvi tirajla çap olunmuş, əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunmuş, yaradıcılıqları barədə dövri mətbuatda məqalələr çap olunmuş, əsərləri dissertasiyalar üçün mövzu olmuşdur. Sadalanan bu xüsusiyyətlərin hər biri çağdaş Azərbaycan ədəbiyyatının inkişafı üçün lazım olan əsas meyarlardan biridir. Bu baxımdan, çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq şairi, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin Təqaüd fondunun fərdi təqaüdçüsü, şair-dramaturq Nəriman Həsənzadənin zəngin yaradıcılıq yolu diqqəti cəlb edir.

Azərbaycan Milli Aviasiya Akademiyasının “Humanitar fənlər” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Nəriman Həsənzadənin müxtəlif illərdə nəfis tərtibatla, kütləvi tirajla çap olunmuş kitabları öz spesifik xüsusiyyətlərinə görə digər kitablardan köklü surətdə fərqlənir. Ən sadəsi onar görə ki, hər bir kitabda müəllifin könül duyğuları dilə gəlib, öz oxucusu ilə könül dilində-səmimi hislər ilə danışır.

Hələ sovet hakimiyyəti dönəmində, xüsusilə də 70-80-ci illərdə bir-birinin ardınca “Bir az möhlət istəyirəm ömürdən” (Bakı, 1981), “Fikir eləmə” ( Bakı, “Gənclik”, 1982), “Kimin sualı var?” (Bakı 1984), “Nabat xalanın çörəyi” (1986), “Seçilmiş əsərləri” (Bakı, 1987), “Mənim nigahımı pozdu təbiət” (Bakı, 1989) kitabları ilə oxucuları qarşısında çıxış edən və hər dəfə yeni əsərləri ilə görüşə gələn Nəriman Həsənzadənin Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdikdən sonra (1991-ci il oktyabr ayının 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsi ilə) “Bütün millətlərə” (Bakı, “Yazıçı”, 1991), “Taleyin töhfəsi” (Bakı, “Gənclik”, 1993), “Gəlimli-gedimli dünya” (Bakı, “Şərq-Qərb”, 1995), “Pompeyin yürüşü” (Bakı,”Azərbaycan ensiklopediyası”, 1995) kitabları işıq üzü gördü.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamına uyğun olaraq, 2004-cü ildə “Şərq-Qərb” Nəşriyyat Evi tərəfindən “Müasir Azərbaycan ədəbiyyatı” seriyasından “Seçilmiş əsərləri” 336 səhifə həcmində, 25000 tirajla (kütləvi tiraj) çap olunaraq, ölkə kitabxanalarına hədiyyə olundu. Kitabın ön sözünü müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycanda ATATÜRK Mərkəzinin sədri, respublikanın Əməkdar elm xadimi, “Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvü Nizami Cəfərovdur.

2010-2014-cü illərdə “Prometeyin kitabxanası” seriyasından “Prometey” nəşriyyatı tərəfindən “Seçilmiş əsərləri”nin 7 cildliyi işıq üzü gördü. “Seçilmiş əsərləri”nin I cildinə şeirləri, II cildinə poemaları, III cildinə pyesləri, IV nəsr əsərləri, V cildinə elmi əsərləri, VI cildinə publisist əsərləri, VII cildinə müsahibələr, tərcümələr, aforizmlər, axtarışlar, məktublar daxil edilib. “Seçilmiş əsərləri”nin 7 cildliyinin hər birinin tətribatçısı Xalq şairi Nəriman Həsənzadənin oğlu filologiya üzrə fəlsəfə doktoru Nazim Həsənzadə, redaktoru isə filologia üzrə fəlsəfə doktoru, dosent Güldanə Əmrullahqızıdır.

2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunub.

2015-ci ildə “Kitab Klubu” nəşriyyatı tərəfindən Xalq şairi Nəriman Həsənzadənin “Seçmə şeirləri” 400 səhifə həcmində, 100 tirajla işıq üzü gördü.

2016-cı ildə Azərbaycan poeziyasının inkişafındakı xidmətlərinə görə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

10 may 2017-ci il tarixində Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər, görkəmli ictimai-siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 94-cü ildönümündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “N.Ə.Həsənzadəyə Heydər Əliyev Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na uyğun olaraq, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Xalq şairi Nəriman Həsənzadə “Heydər Əliyev Mükafatına” layiq görüldü.

Xalq yazıçısı Mir Cəlal Paşayev, filologiya elmləri doktoru, professor Nizami Cəfərov, Xalq şairi Bəxtiyar Vahabzadə, Xalq şairi Xəlil Rza ULUTÜRK, Xalq şairi Məmməd Araz, Xalq yazıçısı Mirzə İbrahimov, Əməkdar elm xadimi, professor İsa Həbibəyli lirik şeirlər müəllifi Nəriman Həsənzadənin zəngin yaradıcılıq fəaliyyəti ilə bağlı öz fikirlərini bölüşmüşlər.

Dərin hörmət və ehtiramla,

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Bakı şəhəri. 9 noyabr 2017-ci il.

Sərh yazmaq