Kənan AYDINOĞLU."Xalq şairi Vahid Əziz yaradıcılığında ictimai-siyasi lirika və ya ictimai-siyasi lirikanın ən qüdrətli nümayəndəsi: Vahid ƏZİZ "

Yazdı ATILLA, 15-04-2020, 09:00, Publisistika

Kənan AYDINOĞLU."Xalq şairi Vahid Əziz yaradıcılığında ictimai-siyasi lirika və ya ictimai-siyasi lirikanın ən qüdrətli nümayəndəsi: Vahid ƏZİZ "



Çağdaş Azərbaycan ədəbiyyatının mövzu-ideya, forma-məzmun, sənətkarlıq baxımından zənginləşməsində, inkişafında, heç şübhəsiz ki, lirik, fəlsəfi şeirlər müəllifi, sevimli Xalq şairimiz Vahid Əzizin də özünəməxsus yeri və rolu var. Zamanın gərdişindən, vaxtın dəyirmanından, taleyin çətin sınaqlarından üzüağ, alnıaçıq çıxmağı bacaran şairimizin zəngin təcrübəsi, bədii yaradıcılıq medotlarına, tarixi-ənənəvi prinsiplərə, humanizm və səmimiyyətə söykənərək bir-birindən dəyərli sənət nümunələri yaratması müasir dövr üçün aktual olan məsələlərdən biri olaraq qalmaqdadır. Belə ki, şair təxəyyülü coşan dəniz, çağlayan sellər kimi daim oxucusu ilə görüşməyi arzulayan, yenicə doğulmuş körpəni xatırladır. Şairlik Uca Allahdan tərəfindən seçilmişlərə verilmiş hikmətdir desək, heç də yanılmarıq. Əsərləri yüksək sənətkarlıqla dünyanın müxtəlif dillərinə tərcümə olunaraq geniş oxucu auditoroyası tərəfindən rəğbətlə qarşılanan ölməz söz sənətkarımız, daim insanlığı, insanlığın bütün canlılardan üstün olmasını, bəşəriyyətə yaraşıq olduğunu, yaradılış içərisində insanın ən kamil varlıq olması ideyasını təbliğ və tərənnüm edən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Ərənlər, ulu kəslər saf gələrək düzəlib, Əvvəlcə peyğəmbərlər, sonra şairlər gəlib” kəlamı dediklərimizə ən əyani sübutdur. Bu amil birbaşa Ustad sənətkar Vahid Əziz yaradıcılığı üçün səciyyəci cəhətdir.

Əgər Sovet hakimiyyəti dönəmində çoxşaxəli və rəngarəng olan Azərbaycan ədəbiyyatında ictimai-siyasi lirikanın ən gözəl nümunələrini Bəxtiyar VAHABZADƏ, Nəriman HƏSƏNZADƏ kimi görkəmli Azərbaycan şairləri öz əsərlərində uğurla davam etdirirdilərsə, çağdaş dönəmdə bu şərəfli missiyanı poeziyamızın bənzərsiz nümayəndəsi şair Vahid ƏZİZ tam məsuliyyətilə davam etdirməklə bərabər, həm də inkişaf etdirir.

Ümumiyyətlə, ictimai-siyasi lirika özündə bir çox amilləri birləşdirir. Söz sənətkarları adətən yaşadıqları dönəmdə cərəyan edən bir çox hadisələrə biganə qalmayıb, öz münasibətlərini sözün gücü ilə bildirirlər. Söz öz yerini tutanda daha gözəl sənət əsərləri yaranır. Şairlik nöqteyi-nəzərdən ən önəmli məsələlərə yanaşıldıqda sözümüz öz qüdrətini məhz obrazlı təfəkkürün məhsulu kimi göstərir.

Cərəyan edən ictimai-siyasi hadisələrə fəlsəfi yönümdən yanaşmaqla, öz zəngin yaradıcılığını bu gün də uğurla davam etdirən şairimiz oxucularını, ədəbiyyatsevərləri yeni poeziya nümunələri, örnəkləri ilə tanış edir. Müasir dövrün tələblərinə uyğun olaraq, həmin ədəbi-bədii nümunələri sosial şəbəkədəki (xüsusən, facebook) hesabında paylaşım etməklə gerçəkləşdirir. Eyni zamanda, ədəbi elektron məkanda fəaliyyət göstərən mədəniyyət və ədəbiyyatyönümlü portalların da (edebiyyat-az.com və gundelik.info) istedadlı şairimizə dəstək olmasını xüsusilə qeyd etmək lazımdır.

Böyük təcrübəyə malik səmimi şeirləri ilə oxucuların dərin rəğbətini qazanmış şair Vahid Əziz formalaşmaqda olan yeni nəsil Azərbaycan gəncliyinin ədəbi-bədii ideya istiqamətinin düzgün müəyyən olunmasında, gələcəyin əmanəti, yeganə qarantı olan yüksəkintellektli, dünyagörüşü etibarı ilə elmin, texnologiyanın ən son yenilikləri ilə silahlanan gənclərdə Vətənpərvərlik hisslərinin aşılanmasında, əsrarəngiz sənət nümunələrinin sayının artmasında, yeni nəşr olunmuş kitablar ilə ədəbiyyatımız üçün mühüm töhfələr verməsini unutmaq olmaz!

Ədəbiyyat tariximizdə ənənəvi mövzu kimi söz sənətkarlarının dönə-dönə müraciət etdiyi “Durnalar” şeiri təcrübəli şair Vahid Əziz yaradıcılığından da yan keçmir. Bir çox məqamlarda isə müraciət etdiyi varlıqlara (adətən canlılara, heyvanlara, quşlara) sualla müraciət edir. Mətn (kontekst) daxilində bədii sualdan istifadə yolu ilə cavabı sualla paralel işlədir. Bu baxımdan “Qarğa” adlı şeirini də adıçəkilən mövzuda yazılan əsərlər silsiləsinin davamı kimi nümunə göstərmək olar.

Xalq ruhuna, ədəbiyyatında dərindən bələd olan şair Vahid Əziz öz dolğun fikirlərini daha çox xalq şeiri üslubunda (qoşma və gəraylı) oxucuların diqqətinə çatdırır. Altı bənddən ibarət olan “Durnalar” rədifli qoşması da deyilənlərə ən bariz nümunə ola bilər:

Nə olur, bu payız qalın, getməyin,
buralar çox pisdir məyər, durnalar?..


Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Qasım bəy Zakirin, Süleyman Rüstəmin, Almas İldırımın eyniadlı şeirlərində müşahidə olunan qürbət sıxıntısı, vətən həsrəti ənənəvi olsa da, müəllif öz əsərində sözügedən məsələyə fərqli yanaşır, qəliblənmiş söz və ifadələrdən yararlanmır. Əksinə, müəllif adıçəkilən mövzu ilə əlaqədar qələmə almış olduğu şeiri öz şair təxəyyülünə, ovqatına uyğun yazır. Vaxtın, zamanın süzgəcindən keçirdiyi hər birini misranı axıcı, səlis, sadə və anlaşıqlı dildə yazmaqla konkretliyə və ardıcıllığa riayət edir, mətn daxilində mövzudan kənarçıxmaya (lirik haşiyəyə) qətiyyən yol vermir. Uzunçuluqdan tamamilə uzaq olan şair Vahid Əziz oxucuya çatdırmaq istədiyi əsas fikri birbaşa, dolayı yol olmadan, bədii təsvir və ifadə vasitələrinin daxili imkanları hesabına çatdırmaqla öz oxucusunu yormur.

Son dövr yaradıcılığnın məhsulu olan “Bir məktub yazmışdım…” şeiri məhəbbət mövzusunda yazılsa da, müəllif öz ənənəsinə sadiq qalaraq bu dəfə də yenicə işlədiyi əsərindı ictimai-siyasi lirikaya da vaxt ayırır:

Dünya yaranışdan yaşayır bu cür–
yazdan uzun olur payız ayları,


Adıçəkilən sənət nümunəsini Ədəbiyyat tariximizdə Göylərə ünvanlana ən gözəl Məktub kimi səciyyləndirsək, daha düzgün olardı. Müəllif sözügedən əsərində birbaşa fəlsəfi fikirlərini bəşər övladı, insan üçün səviyyəvi olan müsbət cəhətləri təbiət hadiəsələrinin üzərinə köçürməklə yaratmış olduğu mükəmməl metaforalar formasında oxucusuna çatdırmış olur:

Bir məktub yazmışdım bildir göylərə,
deyəsəm–məktubu indi oxuyur.

Şeirin növbəti bəndlərində isə sadalanan hadisələrinin ardıcıllığının şahidi oluruq. Zaman etibarilə ecazkar sənət əsəri sayılmağa layiq olan, heca vəznində qələmə alınan, oxucunu bir az düşünməyə vadar edən “Bir məktub yazmışdım…” əsəri yaz fəslində yazılmasına baxmayaraq, faktiki olaraq, məktub ilə payız fəslinin, məktub ilə göylərin qarşılıqlı əlaqələrinin olduğunu göstərən növbəti ədəbi faktordur. Çünki müəllif ədəbiyyatımızda az təsadüf olunan bir mövzuya müraciət edib. Özü də bilmədən yeniliyə-novatorluğa imza atıb. Belə ki, məktub insanın xatirələrini yeniləməyə, yaşanan dəyərli anlara qayıtması üçün cansız varlıqlar içərisində ən gözəl, ən dəyərli olaraq qalması fikrini təbliğ edən yeganə peoziya örnəyi kimi tariximizdə və yaddaşımızda əbədi olaraq qalacaq. Heç şübhəsiz ki, yazılan məktublar müəllifin özünün də keçmişinə qayıtması üçün bilavasitə vəsilə olandır.
Axı bir parça kağız parçasının da müəllif-söz sənətkarı üçün müqəddəs qələm qədər önəmi var.

Ədəbiyyat tariximiz üçün həmişə aparıcı olan Bədii üslubun hər üç səviyyədə (istər fonetik, istər leksik, istərsə də qrammatik) göstəricilərinə, müasir Azərbaycan ədəbi dilinin normalarına dərindən bələd olması, yiyələnməsi, müdrik xalqın dünyagörmüş şairi kimi hər dəfə öz oxucularını sevindirən, təəccübləndirən sevimli Xalq şairimiz Vahid Əzizə yeni-yeni yaradıcılıq uğurları, fəaliyyəti, tükənməz və bol enerji diləyi ilə

Kənan AYDINOĞLU,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat
Portalının Baş redaktoru,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Bakı şəhəri. 13-14 aprel 2020-ci il.
dle 10.3

Sərh yazmaq