Kənan AYDINOĞLU.”Həzrət Mövlana Cəlaləddin Rumi yaradıcılığında “insan” və “din” anlayışı”

Yazdı ATILLA, 12-02-2019, 09:00, в Publisistika

Kənan AYDINOĞLU.”Həzrət Mövlana Cəlaləddin Rumi yaradıcılığında “insan” və “din” anlayışı”


Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.


Qədim zamanlardan başlayaraq Türk xalqları ədəbiyyatı öz inkişaf səviyyəsinə, vahid bir ideologiyanın yayılmasına, mütərrəqi fikirlərin təbliğ olunmasına görə dünya ədəbiyyatı ilə müqayisə olunmuş, dəfələrlə hətta mühüm bir qolunu təşkil etmişdi.

Nəzərə alsaq ki, XII-XIV əsrlər Türk xalqları ədəbiyyatı üçün daha çox dini-təsəvvüf ideyalarının yaranması, təbliği dövrü kimi xarakterizə olunur, böyük məmnunluq hissi ilə deyə bilərik ki, Ustad Dərviş Yunus Əmrənin, Həzrət Mövlana Cəlaləddin Rumi, Xoca Əhməd Yəsəvi yaradıcılığında dini-təsəvvüf ideyalara üstünlük verilməsi, xüsusilə də müqəddəs və təməl kitabımız “Qurani-Kərim” ayələrinin əsas və yeganə mənbələrdən biri olması “insan” və “din” anlayışının yaranması üçün bir növ zəmin rolunu oynadı. Belə bir şəraitdə ədəbiyyata gələn qələm sahiblərinin hər biri yeni bir ideologiyanın-TÜKÇÜLÜK və İSLAM ƏXLAQININ təbliği yönündə yorulmaq bilmədən bir-birindən məna dolğunluğu ilə fərqlənən ecazkar sənət nümunələri yaratmağa müəssər olmuşdu. Bu mənada, hələ sağlığında ikən hikmətli sözləri, şeirləri dillər əzbər olan Mövlana Cəlaləddin Rumi xüsusilə seçilirdi.

XIII əsr türk-təsəvvüf ədəbiyyatının ən böyük şairi Həzrət Mövlana Cəlaləddin Rumi Əfqanıstanın Bəlx şəhərində anadan olmasına baxmayaraq, türk şairi olmasını hər zaman önə çəkmiş, bu haqda “Farsca yazmağıma baxmayın, əslim TÜRKdür” demişdi.

Əsas qaynağı “Qurani-Kərim” olan və Həzrət Mövlana Cəlaləddin Rumi yaradıcılığının şah əsəri hesab edilən “Məsnəvi” (1247) əsərində müəllif öz dini-təsəvvüf ideyalarını oxuculara müxtəlif hekayələr qismində çatdırır. Əsərinin əvvəlində kitabın yazılma səbəbini izah edir. Bir çox məqamlarda isə “Bu can bu bədəndə olduğu müddətdə mən “Qurn”ın köləsiyəm. Mən seçilmiş Məhəmmədin ayağının tozuyam” fikrini təkrar etməkdən belə usanmamışdır.

Ümumilikdə isə, Türk-müsəlman mədəniyyətinin və ədəbiyyatının ideya-mövzu, forma-məzmun baxımından zənginləşməsi üçün “Məsnəvi” əsərinin özünəmxsus yeri var.

Şərq ölkələrində Mövlana əsərlərinin təbliği üçün geniş tədbirlər keçirilmiş, nəfis tərtibatlı kitablar işıq üzü görmüşdür. Hətta, anadan olmasının 800 illik yubileyi ilə əlaqədar olaraq, YUNESKO tərəfindən 2007-ci il “Dünya Mövlana ili” elan olunmuşdu.

Beləliklə də, Türk-İslam əxlaqının yayılması yönündə Həzrət Mövlana Cəlaləddin Ruminin əvəsiz xidmətləri danılmazdır.

XIII əsrdə türkdilli təsəvvüf ədəbiyyatının ilk böyük nümayəndəsi Yunus Əmrə yaradıcılığının əsasını təşkil edən “Vəhdəti-vücud” fəlsəfəsi Mövlana Cəlaləddin Rumi əsərlərindən də yan keçmir. Ən başlıca vəzifənin bəndənin-zərrənin Bütövə-Allaha qovuşmaq olduğunu nəzərə alan Mövlana Cəlaləddin Rumi Allaha qovuşmağı özü üçün birinci vəzifə hesab edir. Bu baxımından, dostluq əlaqələri saxladığı (bəzi mənbələrdə hətta dəfələrlə məsliclərdə bir yerdə olduğu qeyd edilən) Yunus Əmrə ideyalarına yaxınlaışır. Bütün bəşəriyyətin Allahu-təala tərəindən yaradıldığını dərk edən müəllif “Məsnəvi” əsərində bununla bağlı yazır: “Ey insan, sən hiss və duyğudan ibarətsən. Yerdə qalanlar isə ət və sümükdəndir”.

Əsərlərinin hər biri Tanrı sevgisi, mərhəmət, şəfqət, humanist ideyalar ilə zəngin olan və dünyanı heyrətə gətirən möhtəşəm sənət əsərlərinin hər biri dünya ədəbiyyatında Türk xalqlarının zaman-zaman Türk-Müsəlman əxlaqına, yaradılışa daha çox önəm verdiyini göstərən növbəti faktor kimi ədəbiyyatşünas-alimlərin diqqətini cəlb edir.

Ümumtürk və ümumbəşəri ideyaların düzgün təbliğ olunmasında özünəməxsus yeri var Həzrət Mövlana Cəlaləddin Rumi əsərlərinin. Hər dövrdə oxunmasına böyük ehtiyac olduğunu nəzərə alaraq, böyük məmnunluq hissi ilə deyə bilərik ki, vaxtilə dövrünün şairi və fiolosofu Mövlana Cəlaləddin Ruminin yaradıcılığında xüsusi yer ayrılan “insan” və “din” anlayışı çağdaş dönəmdə də öz həyatiliyini, əhəmiyyətini itirmir.

Sərh yazmaq